Nə biləydim ki, gözəlim,
Sevgin mənə fərman imiş,
Dərman arasam dərdimə,
Dərdin mənə dərman imiş.
Ha olsun cox ağlın, elmin,
Can, anlamaz namərd helmin,
Çəkdikcə əğyarın zülmün,
Qəlbin kabab, büryan imiş.
Şeytan gəzər otağında,
Qanqal bitər gül tağında,
Üşüyərsən yatağında,
Sanki əynin üryan imiş.
Günəş, səndən nurmu almış?
Görən səni mələk sanmış.
Qız deyilsən, qızılsanmış,
Aləm sənə heyran imiş.
Tut əlindən Etibarın,
Düz peymanın, düz ilqarın,
Neçə ildi gör ol yarın,
Necə gözü giryan imiş.
Etibar Cavad