Sən getsən soyuyar isti otağım,
Kölgən divarlarda üşüyər, donar.
Məni buralarda görən tapılmaz,
Sevdam ürəyinin başına qonar.
Sən getsən sonuncu ümüdüm itər,
Qalaram dünyanın boşluğunda mən.
Axı hazır deyil buna ürəyim,
Bilmirəm neylərəm yoxluğunda mən.
Sən getsən, arxanca sən gedən yerə,
Ayaqlarım məni çəkib aparar.
Həsrətim, hicranım cəllada dönər,
Qəlbimi yerindən söküb aparar.
"Sən getsən"... bu fikir qorxudur məni,
Yazıbsa, o günü pozsun Allahım.
Yoxluğun qorxulu yuxu kimidir,
Şəfəqəm, xeyirə yozsun Allahım.