Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.
Yerlərə baxıram-bağçalı-bağlı,
Göylərə baxıram - qapısı bağlı.
Kainat ixtiayar, sirli-soraqlı.
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin, bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur.
Sirrini verməyin sirdaşa dünya.
Əzəldən belədir çünki, kainat,
Cahan daimidir, ömür amanat.
Əldən-ələ keçir vəfasız həyat.
Biz gəldi-gedərik, sən yaşa, dünya!
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə açılır, nə yaşa dünya.