Ulu Tanrım, şükür sənə!
Nəbi Xəzri
Addımbaşı tikanları bitirdin ki,
Zər saçaqlı tər güllərə səcdə qılaq?
Cahilləri sən dünyaya gətirdin ki,
Az tapılan aqillərə səcdə qılaq?
Ulu Tanrım, şükür sənə!
Ürəklərə qızıl körpü sən atdın ki,
O körpüdən qəhrəmanlıq keçsin gərək!
Namərdləri bu qədər çox yaratdın ki,
Mərdlər azsa, qədrini biz yaxşı bilək?
Ulu Tanrım, şükür sənə!
Sən əzəldən könüllərə nur qatdın ki,
Torpaqlara qara çöksə zülmət deyək?
Küt baltalı cəlladları çoxaltdın ki,
Pambıqla baş kəsənlərə rəhmət deyək?
Ulu Tanrım, şükür sənə!
Ucalardan sən uca bir xəbərdin ki,
Dedin: inam halalca duz-çörəkdədir.
Bizə qeyrət dəllalları göstərdin ki,
Bilək qeyrət dildə deyil, ürəkdədir?
Ulu Tanrım,