Sevmədim dünyada qızıl-gümüşü,
Dedim ki, vüqarım etibarımdır.
Gözəl sevgilimin şirin gülüşü,
Mənim dövlətimdir, mənim varımdır.
Sevmədim dünyada şanı, şöhrəti,
Onları həyatda əfsanə sandım.
Bax, həmin dediyim varı, dövləti
Öz ürək qanımla özüm qazandım.
Axtarıb gəzərəm könül yarımı,
Gəzərəm ömrümün baharı kimi.
İstəsə sevgilim göz yaşlarımı
Düzərəm boynuna mirvari kimi.
Zahid qulaq assın qoy yaxşı-yaxşı,
Sevgi sevincimdir, sevgi qəmimdir.
Bir ala gözlünün odlu baxışı,
Mənim cənnətimdir, cəhənnəmimdir.
Nəbiyəm, bir dağam, başı qarlıyam,
Demə: Zirvəmdəki o duman nədir?
Bütün varlılardan daha varlıyam,
Dövlətim məhəbbət, varım sevgidir.
Nəbi Xəzri