Əliağa Vahid -
Yetişdi qeyri-aşiqlər vüsali-yarə mən qaldım,
Xəlayiq çarə tapdı dərdinə, biçarə mən qaldım.
Hərə öz sevdiyi məşuqəsiylə şadman oldu,
Yanan pərvanələr tək ruzi-şəb odlarə mən qaldım.
Rəqibi-bimürüvvətlər fərəhnak oldu aləmdə,
Həmişə zarü həsrət, türreyi-tərrarə mən qaldım.
Keçirdim tiri-nazın sinədən hər mahrüxsarın,
Yenə bimehr çıxdı, təneyi-əğyarə mən qaldım.
Zəmani-ömrüdə bir gül yetirdim, zəhmətin çəkdim,
Səfasın özgələr gördü, cəfayi-xarə mən qaldım.
Bütün divanələr ,Vahid, kəməndindən xilas oldu,
Yenə ol zülfə bağlı, ruzü şəb avarə mən qaldım.