Demə, ölən öldü, canı qutardı,
Ölümdən sonra da, sorğu-sual var.
Bu fani həyatı, necə yaşadın?
Səndə gör nə qədər, haram-halal var.
Adam var yetimin, malın daşıyır,
Yetim də mat qalıb, başın qaşıyır,
Adam var, ömrünü sakit yaşıyır
Adam var, dalınca, zurna-qaval var!
Adam var, ALLAHı sevir, inanır,
Adam var, pul üçün, hər şeyi danır,
Adam var, əsəbdən alışıb yanır,
Adam var, gözündə, cahu-cəlal var!
O məchul yarandı, o getdi Məchul,
O təkcə ALLAHa sayıb özün qul,
Kiminin başında vəzifə, ya pul
Kiminin başında, əqli-kamal var.
Həmişə mənalı sözündən danış,
Çəkmə gözlərini gözündən, danış,
Deyirlər ay Rəşad, özündən danış
Gör sənin boynunda nəsə babal var?