Açanda sevincdir, solanda kədər,
Dərdindən ölərəm mən yaza qədər.
Güllərin ömrü də payıza qədər,
Bağışla, mən sənə gülüm demərəm.
***
Son bahar gələndə yorulur güllər,
Ayaqlar altına sərilir güllər,
Qönçəsi açmamış dərilir güllər,
Bağışla, mən sənə gülüm demərəm.
***
Yaxşı yanı da var, pis yanı da var,
Nə olsun ətri var, tikanı da var.
Satılıb, alınan dükanı da var,
Bağışla, mən sənə gülüm demərəm.
***
Gül desəm olarsan qışın qurbanı,
Acından ölən bir quşun qurbanı,
Olarsan xeyir bir işin qurbanı,
Bağışla, mən sənə gülüm demərəm.
***
Sevgilim, sən elə özümsən mənim,
Özündən doymayan gözümsən mənim,
Dilimdə ən gözəl sözümsən mənim,
Bağışla, mən sənə gülüm demərəm..
+----Zabit---Ceferli---+