Bir Dustagin Etirafi...
Qarşınızda danışmağa sözüm yox,
Vaxt ötüşdü borcunuzdan çıxmadım.
Yanınıza qayıtmağa üzüm yox,
Çünki sizə oğul kimi baxmadım.
Göz açmamış günəş çıxdı, əyıldi,
Ay ötüşdü, fəsil ötdü, il oldu.
Taxıl bitdi, xırman doldu, döyüldü,
Lalə, nərgiz alovlanıb kül oldu.
Yola düşdüm ehtiyacın dalınca,
Yuxu kimi ötüb keçdi hər fəsil.
Rahatlanıb baş qoyunca balınca,
Bir də gördüm köç eyləyib bir nəsil.
Ha çapıram, dövlətim yox, varım yox,
Şirin yuxu gözlərimdən perikdi.
Cismim bütöv, sizsiz mənim yarım yox,
Tapdığıma neçə qayğı şərikdi.
İmkanım yox borcunuzu verməyə,
Min ah qalxır düşünəndə sinəmdən.
İstəyirəm gəlib sizi görməyə,
Utanıram qarşınızda dinəm mən.